MMF2017 haqqında hələlik bilinənlər

MMF2017 haqqında hələlik bilinənlər
Dəyərli həmkarlar, bilirsiniz ki, artıq MMF2017 hazırlıqlarına başlamışıq. Onu da bilirsiniz ki, MMF bu il artıq 5-ci dəfə keçiriləcək. Yəni, yubiley də saymaq olar. Ona görə builki foruma çox ciddi hazırlaşırıq. Neçə gündür məkanla bağlı maraqlanırıq. Bu il düşünürük ki, DMC2016-dakı kimi minimum 500 nəfərlik yer lazımdır. Ötən həftə də təşkilati komanda ilə yığışdıq. Forumla bağlı bir çox işlər demək olar ki, həll edildi. Yəqin illərin verdiyi təcrübədir ki, artıq bu tip tədbirlərin planlaması bizə çox zövqlu və rahat gəlir. Düzdür, zəhmət və vaxt itkisi çox ciddi faktordur, amma biz bundan da həzz alırıq.

Bu yazıda mən Sizinlə hələlik açıqlaya bildiyimiz bəzi məlumatları bölüşmək istəyirəm. Buraya spiker seçimləri, panellər, forumun builki devizi, məkan, sponsorluq məsələləri və s. daxildir.

Hansı panellər olacaq?

MMF artıq ənənəvi olaraq 2 gün olur. Günə 3 panel olmaqla toplam 6 panel (mövzu, istiqamət) üzrə keçirilir. Builki panellərimiz aşağıdakı kimidir:

1. Rəqəmsal Marketinq

2. Marketinq Strategiyası

3. Tez istehlak olunan mallar və dağıtım

4. Milli Keyslər

5. Marketinq Kommunikasiyaları

6. Bloqçuluq və rəy liderliyi

Yuxarıdan gördüyünüz kimi yeni panel istiqaməti – hamımızın FMCG və Distribution dediyimiz “Tez istehlak olunan mallar və dağıtım” panelidir. Bu panel hazırda bazarın ən aktiv, mövcud duruma ən tez adaptasiya edilən (edilməli) sahəsidir. Bir çox yeni məhsullar, mövcud məhsullara qarşı yeni qiymət siyasəti, yeni kampaniyalar və trendə uyğun adddımlar bu sektorda baş verir. Dağıtım şirkətləri isə çox maraqlı keysdir. Bir çox dağıtım şirkətləri artıq istehsal prosesinə yaxşı mənada öz “töhfələrini” verməyə başlayıb. Bütün bunları nəzərə alaraq FMCG və Dağıtım panelini əlavə etdik. Panelin spikerləri də 90% dəqiqliklə artıq məlumdur. Əmin olun ki, sektorun ən güclü oyunçularını bu paneldə görəcəksiniz.

Rəqəmsal Marketinq paneli, ümumiyyətlə rəqəmsal marketinq müzakirəsiz dövrümüzün trendidir. İl keçdikcə də möhkəmlənməyə davam edir. Azərbaycanda 2 milyondan çox aktiv sosial media istifadəçiləri radio və televiziyanın get-gedə təsirinin azaldığı bir ərəfədə trendləri müəyyən edən əsas kütlə hesab edilir. Bu hissənin spikerləri də demək olar ki, seçilib bitib. Spikerləri seçərkən real görülən işlər və təqdimetmə bacarığını əsas götürdük.

Strategiya paneli forumumuzun olmazsa-olmazıdır. Xüsusən indiki dövrdə araşdırma, düzgün strategiya və buna uyğun məhsulun bazara çıxarılması, irəlilədilməsi çox əhəmiyyətlidir. Müxtəlif sektorlarda bu işi bütöv və hissəli şəkildə görən mütəxəssislər spikerlərimiz olacaq. Milli keyslər və marketinq kommunikasiyaları paneli forumun ənənəvi panelləridir. Spikerlərdə bir fərq var ki, bu il kreativə daha çox önəm verən kommunikasiyalara fikir vermişik. Keyfiyyətli kontenti kommunikasiyadan önə çəkmişik.

Bloqçuluq və rəy liderliyi paneli ötən il də var idi. Bu il də blogerlər, ictimai nüfuzu olan şəxslər şirkətlərimiz tərəfindən maraqla qarşılanır, müxtəlif kommunikasiyalarda onların xidmətlərindən istifadə edilir. Ötən illərdə baş vermiş axın son ildə bir az səngiyib və bazarda davamlı olan, xüsusən də keyfiyyətli kontenti ilə seçilənlər daha da məşhurlaşıb. Bu paneldə biz Sizi məhz o şəxslərlə görüşdürmək istəyirik. Onların arasında yazanı da var, göstərəni də, gəzəni və aparanı da. Onların hamısının indi necə danışacağını da Sizinlə birlikdə görəcəyik.

MMF2017- Dəyişək ki, var olaq!

MMF2017-nin bu ilki sloqanı – dəyişək ki, var olaq-dır. Sloqan demişkən bildirim ki, MMF2017-nin kreativ konsept partnyoru McCann Baku agentliyidir. Yaxın günlərdə biz onlarda MMF2016-da olduğu kimi maraqlı bir konsept gözləyirik. İl ərzində keçirdiyimiz fərqli forumlarda fərqli agentliklərlə əməkdaşlıq etmişik. Onların hər birinə fürsətdən istifadə edib təşəkkür edirəm ki, bu işdə çox həvəslə iştirak ediblər. SatForum-da FİL, DMC2016-da isə Yello Advertising-ə də böyük təşəkkür düşür. 2016-cı il qanunvericilikdə bir çox dəyişikliklər oldu. Eyni zamanda 2015-lə müqayisədə 2016-cı il daha gərgin, eyni zamanda nisbətən müştəri davranışı baxımından daha çevik keçdi. Bütün bunlar bizə məhsul və xidmət siyasətimizdə çevik olmağı, duruma görə dəyişə bilməyi tələb edir. Bunlardan irəli gələrək “dəyişək ki, var olaq” sloqanını seçdik.

Sponsorluq, dəstək məsələləri

Texniki tərəfdaşımız artıq məlumdur. Yaxın günlərdə saytımızı yeniləyəcəyik. Çap tərəfdaşı üzrə danışıqlar gedir. Parallel olaraq aktiv şəkildə tədbiri yüksək səviyyədə keçirmək üçün şirkətlərlə danışıqlar aparırıq. Yeni təkliflərə də açığıq. Qeyd edim ki, MMF2017-də bu il də 300-dək şirkətin 500-dən çox menecerinin iştirakı gözlənilir. Tədbir 2 gün boyunca aktiv, lakin 4-5 ay boyunca isə davamlı olaraq sosial mediada gündəm olur, müzakirələr gedir. Deməli, o gün baxıram ki, bir forumun başından ayağına kimi 40-a yaxın hər biri ayrılıqda ciddi iş olan kateqoriya var. Bizimlə əməkdaşlıq edən agentliklər bilirlər. Qısası, bu 5 ay boyunca ilin ən böyük marketinq hadisəsi MMF müzakirə edilir. Şirkətlərimiz üçün də gözəl fürsətdir. Onlar öz məhsullarını, xidmətlərini belə bir platformada çox sərfəli şəkildə tanıda bilərlər. Daha detallı məlumat lazım olsa, bizim yeni koordinatorumuz Səidə Fətullazadəyə müraciət edə bilərsiniz.